Sentyabrın 4-5də Bakıda türkcə danışan ölkələrin travmatoloq və ortopedlərinin beynəlxalq konqresi böyük müvəffəqiyyətlə keçirildi.
Azərbaycan Ortopediya Cəmiyyəti (AOC), Türkiyə Travmatoloq və Ortopedlər Birlikləri Dərnəyi (TOTBİD) və Türkcə Danışan Ölkələr Travmatoloq və Ortopedlər Cəmiyyətinin (TÜRKOT) birgə təşkilatçılığı ilə keçirilən konqresin əsas məqsədi türkdilli ölkələr arasında səhiyyə sahəsində elmi-praktik əməkdaşlığın inkişaf etdirilməsi, travmatologiya və ortopediya sahəsində müasir diaqnostika və müalicə metodlarının müzakirəsi, qabaqcıl təcrübələrin paylaşılması, eləcə də ortaq elmi təşəbbüslərin təşviq edilməsi idi.
Konqresdə Azərbaycandan 150 yaxın, Türkiyə 300, Özbəkistan 20, Qazaxıstan -14, Qırğızstan -6, Şimali Kipr – 7 iştirakçı ilə bərabər ABŞ, Almaniya, Rusiya, Makedoniya, Yunanıstandan türk əsilli nümayəndələr iştirak etdilər. Konqres Beynəlxalq status almışdır. Travmatologiya və ortopediyanın bütün sahələrini əhatə edən panel məruzələri ilə bərabər qısa sözlü bildirilər (praktik qısa təqdimatlar) təqdim edildi.
Tədbirin açılış mərasimində çıxış edən AOC sədri Aydın Qəhrəmanov bildirdi ki, Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin konqresinin keçirilməsi Azərbaycan travmatoloq və ortopedlər ailəsi üçün əlamətdar hadisədir. O, konqresin Türk dünyası mütəxəssislərinin həmrəyliyinin və ortaq elmi baxışının göstəricisi olduğunu, beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin bu kongresdə xüsusi əhəmiyyət daşıdığını bildirdi. A.Qəhrəmanov tədbirin Türk dünyası mütəxəssisləri arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, həmçinin yeni elmi-tədqiqat layihələrinin başlanmasına töhfə verəcəyinə əminliyini ifadə etdi.
Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov Türk dünyasının tanınmış mütəxəssislərinin Azərbaycanda bir araya gəlməsinin müasir ortopediya və travmatologiyanın aktual problemlərinin müzakirəsi və bu sahələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi.
Ə.Əmiraslanov qeyd edti ki, son illər Türk Dövlətləri Təşkilatı çərçivəsində səhiyyənin müxtəlif istiqamətləri üzrə keçirilən konqreslər Azərbaycan tibb ictimaiyyəti üçün mühüm hadisələrdir. O bildirdi ki, konqresdə Türk dünyası, eləcə də dünya miqyasında tanınan yüksəkixtisaslı mütəxəssislərin iştirakı xüsusi əhəmiyyət daşıyır.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türk dünyasının müxtəlif ölkələrindən ortopediya və travmatologiya üzrə mütəxəssislərin Bakıda bir araya gəlməsinin həm peşəkar əməkdaşlığın, həm də Türk dünyasında həmrəyliyin mühüm göstəricisi olduğunu diqqətə çatdırdı.
Səfir bildirib ki, Türk dünyasının müxtəlif şəhərlərindən gələn həkimlərin belə tədbirlərdə bir araya gəlməsi təcrübə mübadiləsi, elmi əməkdaşlıq və peşəkar əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu cür təşəbbüslər Türk Dövlətləri Təşkilatının 2040-cı il Vizyonunda nəzərdə tutulan həmrəylik, təcrübə mübadiləsi və əməkdaşlıq məqsədlərinə də xidmət edir.
Digər çıxış edənlər konqresin həm Azərbaycan səhiyyəsi, həm də Türk dünyasının ortopediya və travmatologiya sahəsində əməkdaşlığı üçün müstəsna əhəmiyyət daşıdığını vurğuladılar. Bildirildi ki, Türk dünyasının müxtəlif ölkələrindən olan mütəxəssislərin bir araya gəlməsi ortaq elmi inkişafa və peşəkar əlaqələrin möhkəmlənməsinə töhfə verir.




















